Azərbaycan

Azərbaycanda 25 gün komada qalan yeniyetmə ayılıb

Ağdaş rayonunda 25 gün koma vəziyyətində qalan yeniyetmə ayılıb.

Iyulun 25-də rayonun Tofiqli kənd sakini, 2002-ci il təvəllüdlü Fərhad Səhrab oğlu Ədilov atdan yıxılaraq ağır bədən xəsarətləri alıb.

O, qohumları tərəfindən ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Komatoz vəziyyətdə olan xəstəyə qapalı kəllə-beyin travması, beyin əzilməsi diaqnozu qoyulub və onun müalicəsinə başlanılıb. Xəstəxananın həkimləri yeniyetməninin müalicəsi üçün səfərbər olunub.

F.Ədilovu müalicə edən həkimlərdən biri Əli Haqverdiyev “Report”un yerli bürosuna bildirib ki, hazırda xəstənin vəziyyəti sabitdir: “Hadisə nəticəsində o huşunu itirmişdi və ağır vəziyyətdə xəstəxanaya gətirilmişdi. Onun sağalması üçün xəstəxananın bütün həkimləri əllərindən gələni edirdilər”.

Həkim deyib ki, durumu ağır olduğuna görə qohumları xəstəni Bakıdakı özəl klinikalardan birinə köçürmək istəyirdilər. Onun fikirincə, bu da rayon xəstəxanalarında çalışan həkimlərə inamsızlıqdan irəli gəlir: “Lakin biz köçürülmənin daha da riskli olduğunu izah edib onları bu fikirdən daşındırdıq. Biz həm ağır vəziyyətdə olan xəstənin sağalması, həm də onun paytaxtdakı klinikaya köçürülməsini əngəllədiyimiz üçün ikiqat məsuliyyət daşıyırdıq. Əgər ona bir şey olsaydı bizim həkimləri günahkar hesab edib xəstənin köçürülməsinə icazə vermədiyimizi deyəcəkdilər. Ona görə də bütün qüvvəmizi səfərbər etdik və bunu bacardıq. Təcrübəli həkimlərimizin səyi nəticəsində yeniyetmə komadan ayıldı. Apardığımız intensiv müalicə nəticəsində onun nitqi də bərpa olundu. Artıq 31 gündür ki, xəstəxanada müalicə olunan yeniyetmənin vəziyyəti getdikcə yaxşılaşır. Xəstəxanamızın bütün tibb personalı baş verən möcüzədən sevinc hissi keçirir. Hesab etmək olar ki, o yenidən doğulub”.

Mənbə: report

Şərh

Şərh

To Top