Bölgələr

Cəlilabad rayon Tarix-Diyarşünaslıq muzeyinə 385 maddi-mədəniyyət nümunəsi təhvil verilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının birgə tədbirləri nəticəsində, Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə aid arxeoloji əhəmiyyət kəsb edən, maddi-mədəniyyət nümunələri olan 385 (üç yüz səksən beş) ədəd əşya və predmetin Cəlilabad rayon Tarix-Diyarşünaslıq muzeyinə təhvil verilməsi təmin olunub.

 

DTX-nin ictimai əlaqələr şöbəsindən  bildirilib ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssislərinin ilkin rəyinə əsasən, həmin maddi-mədəniyyət nümunələri, o cümlədən əksəriyyəti daş dövrünün müxtəlif mərhələlərinə və ilk orta əsrlər dövrünə aid olan tuncdan və dəmirdən hazırlanmış döyüş silahları, təsərrüfat təyinatlı saxsı qablar və onların qalıqları, daş əmək alətləri, qadın bəzək əşyaları, gümüş sikkələr tarixi əhəmiyyətə malikdir və onların arxeoloji tədqiqatına ehtiyac var.

 

Bu tarixi əhəmiyyətli tapıntılar öyrənildikdən sonra muzeylərdə nümayiş etdiriləcək: “Cəlilabad rayon Tarix-Diyarşünaslıq muzeyinə təhvil verilmiş nadir tarixi sərvətlər Azərbaycanda sürətlə inkişaf edən turizmə, xüsusilə respublikamıza qonaq gələn əcnəbilərə xalqımızın, ölkəmizin milli yaddaşını özündə daşıyan maddi-mədəniyyət nümunələrinin təbliği üçün daha bir töhfədir”.

Şərh

Şərh

To Top