Azərbaycan

Tahirin ən yaxın dostu Aybənizdir – Xanımı

Tahir bəyin xalqı tərəfindən sevilən biri olduğunu bilirdim, amma bu qədərini təsəvvür etmirdim.

Bu sözlərbəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin həyat yoldaşı Aybəniz Əkbər deyib. Sənətçinin səhhəti barədə danışan Aybəniz xanım bildirib ki, bəstəkar getdikcə yaxşılaşır:

“Bu gün Tahir bəyi palataya köçürüblər. İndi nisbətən yaxşıdır. Vəziyyətində xeyli irəliləyiş var. Hələlik nə vaxt evə buraxılacağını bilmirik. Həkimlər bu barədə bir söz deməyib. Ümidlərimiz böyükdür, inanırıq ki, sağalıb ayağa qalxacaq. Lakin hələlik nə danışa, nə də yeriyə bilir.

I vitse-prezident Mehriban xanım Əliyeva bəstəkarın xəstəxana xərclərini qarşılamaqla bizə arxa oldu. Ailəmizin adından Mehriban xanıma təşəkkür edirəm. Tahir müəllimin çətin günündə ona dayaq durduğuna görə dövlətimizə minnətdarıq.

Tahir bəyi ziyarət edən, səhhəti ilə maraqlanan xeyli insan var. Millət vəkillərindən Fəzail İbrahimli, Rövşən Rzayev, Aydın Mirzəzadə, Qənirə Paşayeva, Zeynəb Xanlarova, sənət dostlarından Firuzə İbadova, Zöhrə Abdullayeva, Azər Zeynalov, Aybəniz Haşımova tez-tez xəstəxanaya baş çəkiblər, bəstəkarın səhhəti ilə maraqlanıblar. Çox sağ olsunlar!”

Sənətkarın xanımı bildirib ki, hələlik Tahir bəyin yanına ailəsindən və A.Haşımovadan başqa heç kimi buraxılmır:

“Həkimlər məsləhət görürlər ki, hazırda bəstəkarı yormaq olmaz. İnşallah, yaxın günlərdə vəziyyəti daha da yaxşılaşarsa, ziyarətçilərilə görüşməyə icazə verəcəklər. Aybəniz xanım T.Əkbərin həm qardaşı, həm bacısı, həm də ən yaxın dostudur. Gün ərzində bir neçə dəfə zəng edib Tahir bəyi xəbər alır. Ailəmizin adından Tahir bəyin vəziyyəti ilə maraqlanan bütün sevənlərinə, dostlarına, həkimlərinə təşəkkür edirik. Onlar 24 saat Tahir bəyin qulluğunda dayanıblar. Çox sevinirəm ki, Azərbaycanda belə həkimlər var”.

Qeyd edək ki, əməkdar incəsənət xadimi Tahir Əkbər bir müddət əvvəl insult keçirib. Hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasında bəstəkarın müalicəsi davam etdirilir.

Şərh

Şərh

To Top