DÜNYA

“Yediklərinizi qusun və evinizə qayıdın…”

Səudiyyə Ərəbistanında aralarında kral ailəsinin çoxsaylı üzvləri də olmaqla həbs olunan varlılara şərt qoyublar: “Yığdığınızı qaytarın, sizi evə buraxaq”. Bu barədə Britaniya mətbuatı yazır.

Bildirilir ki, Səudiyyə Ərəbistanında korrupsiya iddiaları ilə həbs edilmiş biznesmen və kral ailəsi nümayəndələrinə “pullarını verib azad olmaq” təklifi edilib.

məqalədə deyilir ki, hazırda 200-dək şahzadə, nazir, zabit və varlı biznesmen ölkənin beşulduzlu otellərində “dustaq” edilib. Onların əksəriyyəti Riyaddakı Ritz-Carlton otelində saxlanır.

Bu “dustaqlarla” davam edən danışıqlardan xəbərdar mənbələr “Financial Times” qəzetinə deyiblər ki, onlara yığdıqları sərvətin 70 faizini qaytarmaq şərtilə azadlığa buraxılmaq təklifi edilib. “Məhbus şahzadələr” bu şərtə razılaşsalar, milyardlarla dollar ölkənin tükənmiş xəzinəsinə qayıda bilər. Ötən il Səudiyyə Ərəbistanının büdcə kəsiri 79 milyard dollar olub və neft qiymətlərinin aşağı olması ölkəni resessiyaya salıb.

Şahzadələrin və başqa zənginlərin həbs edilməsi əmrini kral Salman şahzadə vəliəhd Məhəmmədin təklifi ilə verib. Sadə səudiyyəlilər zənginlərin həbsindən məmnundurlar. Onlar inanırlar ki, monarx ailəsinin üzvləri və varlı biznesmenlər korrupsiyaya bulaşıblar.

Səudiyyə Ərəbistanının baş prokuroru deyib ki, o hazırda 100 milyard dollarlıq vəsaitin mənimsənməsinə dair təhqiqat aparır. O da xəbər verilir ki, ölkə boyunca 1700 bank hesabı dondurulub.

Həbs edilənlərin arasında Citigroup və Tvitter şirkətlərində böyük paya malik şahzadə Əlvalid bin Təlal da var. O kral Salmanın qardaşı oğludur və ölkədə planlaşdırılan islahatları dəstəklədiyini bildirib.

“Middle East Broadcasting” mərkəzinin rəhbəri Valid əl-İbrahim də həbs edilib. O, eyni zamanda əl-Ərəbiyyə televizya kanalının sahibidir. Bu arada nəhəng Saudi Binladin tikinti şirkətinin sahibi Bəkr bin Ladenin də həbs olunduğu xəbər verilib.

Məlum olub ki, bahalı otellərdə məhbus edilmiş biznesmenlərə aktivlərini dövlətə təhvil vermək təklif edilib. Bu da xəbər verilir ki, topladıqları sərvəti qaytarmaqdan başqa biznesmenlər həm də vəliəhd Məhəmməd bin Salmana sədaqət andı içməlidirlər.

“Financial Times” yazır ki, həbs edilənlərin çoxu daşınan və daşınmayan əmlaklarını verib azad olunmaq istəyir. Əsas pullular Ritz otelində saxlanır. Hakimiyyətə yaxın adamlardan biri deyib ki, onlara aydın şərt qoyulub: “Yediyinizi qusun və evinizə gedin”.

FT yazır ki, kral ailəsinin üzvləri neftin baha olduğu vaxtlarda xəzinədən milyonlarla dollar təqaüd alıblar.

Tənqidçilər bunu da vurğulayırlar ki, hakimiyyəti zəbt etmiş Məhəmməd bin Salman potensial rəqiblərini pulsuz qoymaq istəyir. Bu da xəbər verilir ki, kral ailəsinin və biznesmenlərin heç də hamısı həbs edilməyib.

“Financial Times” yazır ki, həbs edilənlərin həbsxanada yox, dəbdəbəli otellərdə saxlanması onlarla dil tapmaq cəhdindən xəbər verir. Vəzifəli rəsmilərdən biri mətbuata deyib ki, vəliəhd şahzadə yaxın qohumlarını zindana ata bilməzdi və məhz bu səbəbdən onları bahalı otellərdə saxlayır.

Şərh

Şərh

To Top