Bölgələr

“Məzun evi”nin sakinləri “Hərəmiz bir ağac əkək” aksiyasına qoşulub – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsinin (Abşeron rayonu, Masazır kəndi) sakinləri də IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” devizi altında keçirilən yaşıllaşdırma aksiyasına qoşulublar.

Milli.Az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, burada yaşayan sakinlər tərəfindən yaşadıqları “Məzun evi” Sosial Müəssisəsinin ərazisində 100-dən çox ağac və gül kolu əkilib.

Dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclər üçün “Məzun evi” Sosial Müəssisəsinin yaradılması, burada yeni inşa olunmuş yaşayış binalarında onların mənzillə təmin olunması AzərbaycanPrezidenti İlham Əliyevin bu təbəqədən olan gənclərə xüsusi qayğısının, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüsünün nəticəsidir. Buradakı iki yaşayış binasında 206 nəfər gənc yeni mənzillə təmin edilib. Onların bir hissəsi buraya köçürüldükdən sonra ailə qurub və indi həmin ailələrdə 70 nəfərdən çox uşaq böyüyür. Ümumilikdə, gənclərin ailə üzvləri ilə birgə burada 400 nəfərdən çox insan yaşayır.

Hazırda “Məzun evi” Sosial Müəssisəsi üçün daha bir 120 mənzilli yaşayış binası da inşa olunur və binada uşaq bağçasının, binanın ətrafında məzunlar üçün idman kompleksinin də olması, habelə müəssisənin ərazisində məktəbin tikilməsi də nəzərdə tutulub. Burada yaşayan gənclərin məşğulluğunun təminatı yönündə də müvafiq işlər aparılır və onlardan artıq böyük əksəriyyəti daimi iş yerləri ilə təmin olunublar.

“Məzun evi”nin sakinləri yaşıllaşdırma aksiyasına qoşulmaqdan, ətraf mühitin sağlamlaşdırılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn bu aksiyada iştirak etməkdən məmnun olduqlarını bildiriblər. Onlar mənzillə təmin edildikləri bu müəssisəyə doğma evləri kimi yanaşdıqlarını, müəssisənin ərazisində əkdikləri ağaclara və gül kollarına daim qulluq edəcəklərini, bundan sonra da ətrafda yeni yaşıllıqların salınmasına çalışacaqlarını vurğulayıblar.

 

Şərh

Şərh

To Top