DÜNYA

Millət vəkili: “Azərbaycan kiçilir”

“Gələn il elmi işçilərin vəziyyəti ağır olacaq”.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, növbəti il dövlət büdcəsindən elm sahəsinə xərclərin 10.5 faizi proqnozlaşdırılır. Bunun yalnız 1.1 faizi maaşların artımı üçün nəzərdə tutulub.

“Növbəti il inflyasiyanı nəzərə alaraq, elmi işçilərin vəziyyətinin ağır olacağını deyə bilərik”.

Millət vəkili dövlət büdcəsindən regionların inkişafı üçün ayrılan vəsaitin kifayət etmədiyini deyib:

“Regionlar üçün ayrılan vəsaitin həcminin 3.2 faiz artırılması gözlənilir. Bu rəqəmi yetərli hesab etmək olmaz, əksinə Bakıya ayrılan vəsait çoxdur. İllər əvvəl Türkiyədə də bu hal müşahidə edilirdi, İstanbul üçün ayrılan xərclər bölgələri üstələyirdi. Ekspertlər İstanbul böyüdükcə Türkiyənin kiçildiyini deyirdilər. İndi bizdə də eyni hal müşahidə edilir, Bakı böyüdükcə Azərbaycan kiçilir”.

Millət vəkili ölkə başçısı tərəfindən regionların sosial inkişafı üçün ayrılan vəsaitinlərin ildən-ilə artırılmasına baxmayaraq, Gəncədən başqa heç bir regionda təhsil mərkəzinin qurulmamasına diqqət çəkib:

“Bəzi regionların adi futbol komandaları belə yaranmayıb. Bunun üçün dövlət yetərincə imkanlar yaradır, lakin sahibkarlar bu məsələdə maraq göstərmir. Bakıda əksər universitetlərin yataqxanası yoxdur. İldən-ilə də tələbə təqaüdlərini azaldırıq, 2017-ci ilin proqnozuna əsasən tələbə təqaüdləri üçün ayrılan vəsait 59 faiz azalacaq. Bundan başqa, xaricdə təhsil üçün xərclər də azalıb. Belə halda hansı insan kapitalının inkişafından danışa bilərik?”

F.Mustafa Bakıətrafı qəsəbələrdəki gecəqonduların özəlləşdirilməsinin vacibliyinə diqqət çəkib:

“Bakıətrafı qəsəbələrə baş çəkməyinizi məsləhət görürəm. Gecəqonduların sayı gündən-günə artır. Biz ya bu gecəqonduları özəlləşdirib dövlət büdcəsinə vəsaitin daxil olmasına imkan yaratmalı, ya da orada məskunlaşanların regionlara geri qayıtması üçün stimullaşdırıcı tədbirlər görməliyik. Bu insanlar regionlara qayıdıb, orada kənd təsərrüfatının inkişafına dəstək olsunlar”.

Şərh

Şərh

To Top