İdman

Qurbanov: “Gərək məni də köməkçilərimdən biri əvəzləsin”

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov sabah “Çelsi” ilə keçiriləcək oyun öncəsi mətbuat konfransı təşkil edib.

baş məşqçi konfransda jurnalistlərin suallarını cavablandırıb.

Q.Qurbanov oyunöncəsi mərhələnin gərgin keçdiyini bildirib:

“Çətin oyuna hazırlaşırıq. Həm rəqib, həm də bizim üçün vacib görüş olacaq. Bu, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda sonuncu oyunumuzdur. Rəqibin gücünü bilirik. Çalışacağıq ki, meydanda səhvə yol verməyək”.

Baş məşqçi yeni transfer edilmiş oyunçuları əsas heyətə salmayacağını deyib:

“Zədəli və cəzalı oyunçular haqqında düşünmürük. Pedro Enrikenin mövqeyinde kimin oynayacağı sabah bilinəcək. Yeni transfer haqqında da hələ ki, düşünmürəm. Futbolçularımızın oyunu məni qane edir. Mən futbolçuların yaşından çox, onların meydandakı performansına baxıram və bütün oyunçularıma güvənirəm. Hər bir futbolçu mənimçün önəmlidir”.

Q.Qurbanov sabahkı oyunda əsas məqsədin azarkeşləri razı salmaq olduğunu qeyd edib:

“Azarkeşlər həmişə bizdən daha yaxşı nəticə göstərməyimizi istəyirlər. Qarşımızda Avropanın ən güclü klublarından biri olan “Çelsi”dir. Onlar hər bir oyuna çox ciddi hazırlaşırlar. Ona görə də sabah biz rəqib komandaya qarşı layiqli oyun göstərməyə çalışacağıq. Uduzsaq belə, istəyirəm ki, azarkeşlərimiz oyunumuzdan razı qalsınlar. Futbol artıq elə səviyyəyə gəlib ki, 0:6 hesabı çox oyunlarda olur. Şehiçdən çox sual verilir. Mən də baş məşqçi kimi 0:6 uduzmuşam. Onda gərək məni də köməkçilərimdən biri əvəzləsin”.

Mətbuat konfransında klubun afrikalı legioneri Dino Ndlovu da iştirak edib və öz fikirlərini bildirib:

“Komandamız oyunun vacibliyini dərk edir və sabah var gücü ilə mübarizə aparacaq. Biz hər zaman növbəti oyun haqqında düşünürük. Artıq böyük komandalara qarşı oynayırıq. Oyunda qolu kimin vuracağı önəmli deyil. Əsas komandaya kömək edib xal və qələbə qazanmaqdır.”

 

Şərh

Şərh

To Top