Milli dərəcəli ilk qadın hakim: “Yolun ortasında oğlanı o qədər döydüm ki…” – FOTOLAR

0
68
Hər birimizin uşaq yaşlarından hansısa bir peşəyə, sənətə marağımız olub. Bu maraq hər kəsdə bir cür yaranıb, bir cür inkişaf edib və nəticədə kimlərsə xəyallarının ardınca getməyi bacarıb, kimlərsə yox. Biz öyrəşmişik ki, oğlanlar “mən böyüyəndə polis, idmançı olacam” desin, qızlar isə “müəllimə və ya həkim”. Lakin elə xanımlarımız var ki, cəmiyyətimizin kişilərə aid etdiyi bir çox sahələrdə özlərini doğrulda biliblər. Budəfəki həmsöhbətimiz də belə xanımlardandır.

Müsahibimiz Azərbaycan Güləş Federasiyasının üzvü, Milli dərəcəli ilk qadın hakim Çinarə Cəfərovadır:

– Çinarə xanım, necə oldu ki, idmana bütün həyatınızı həsr edəcək qədər bağlandınız?

 İdmana marağım uşaqlıqdan başlayıb. Evdə 3 uşaq olmuşuq – qardaşım, mən və kiçik bacımız. Nə yalan deyim, elə uşaqlıqdan dalaşqan olmuşam. Sakit uşaq olmamışam. Camaatın qızı oyuncaqlarla oynayanda, mən qardaşımla evdə güləşirdim. Küçədə uşaqların hamısını döyürdüm (gülür).Anam həmişə buna görə məni danlayırdı. Televizorda kinolarda döyüş səhnələrinə diqqətlə baxırdım. Qadın hakimlər görəndə hər dəfə bu sənətə vurulurdum. Ümumiyyətlə bizim ailə mental dəyərlərə düşkün olduğu üçün bu istəyimi heç vaxt dəstəkləməyiblər. Onlar mənim idmana getməyimi istəmirdilər. Bu sahədə məni təkcə nənəm dəstəkləyirdi. Onun köməyilə dərsdən sonra evdən gizli-gili məşqlərə gedirdim, öz üzərimdə işləyirdim. İlk dəfə 14 yaşımda sərbəst şəkildə yarışa çıxmışam və Respublika birincisi seçilmişəm. Ailəm elə həmin gün bildi ki, mən güləşlə məşğul oluram.

– Reaksiyaları necə oldu?

– Gözlədiyim qədər sərt olmadı. Əksinə atam dedi ki, səninlə fəxr edirəm. Bu söz məni çox rahatlaşdırdı. Çünki bir tərəfdə ailəm, bir tərəfdə arzularım… Çıxılmaz vəziyyətdə qalmışdım. Zamanla ailəm yarışlarıma gəlməyə başladı. Artıq hər kəs qəbul edirdi ki, Çinarəni yolundan döndərmək mümkün olmayacaq.

– Bəs niyə məhz güləş? Gözəl xanımsız, qorxmurduz ki, ciddi xəsarət alarsız?

– Bilmirəm, niyəsə güləşi çox sevirdim. Qızların çoxu zədələrdən qorxduğu üçün idmana maraq göstərmir. Amma zədə və ya hər hansı başqa bir bədbəxt hadisə istənilən yerdə, istənilən zaman baş verə bilər. Qorxmuram belə şeydən. İdman əvvəlcə özünü müdafiə sənətidir. Bizə birinci bunu öyrədirlər. Daha sonra isə fəndləri öyrənirik və özümüzü qorumaq şərtilə rəqibimizi məğlub etməyə çalışırıq.

– Bu günə qədər ağır xəsarət aldığınız olub?

– Xeyr, çox şükür.

– Heç olubmu meydanda erməni ilə qarşı-qarşıya gəlmisiz?

– Yox hələ ki erməni ilə güləşməmişəm. Amma məncə vətənpərvərlik hissi imkan verməz ki, o döyüşdən məğlub çıxım. Buna əminəm.

– Hansı idmançılarla gücünüzü sınamaq istəyərdiz?

– Güləş üzrə Rusiya və Belarusiya idmançıları çox güclü olurlar. İstəyərdim onlarla gücümü sınayım.

– Bizdə idmançı xanımlarla bağlı qəribə bir fikir formalaşıb. Hətta bəziləri idmançı xanımları “kişifason” adlandırırlar. Bu fikirlər sizdə kompleks yaratmır ki?

– Düz deyirsiz. Başda da dediyim kimi, mənim ailəm də buna qarşı idi. Qadın incə olmalıdır, kobudluq qadına yaraşmır və s. Amma bilirsiz, mən düşünürəm ki, idmançı yalnız meydanda, rəqibi ilə döşəkdə kobudluğunu, gücünü göstərməlidir. Kənarda şəxsi həyatında zərifliyini, xanımlığını qorumalıdır. Amma təəssüf ki, bəzi bəylər kimi, xanımlarımız da 1-2 həftə fitnesə getdikdən sonra ətrafa idmançı olduqlarını nümayiş etdirmək üçün əllərindən gələni edirlər. Bax, qızlarımızın xanıma yaraşmayan tərzdə geyinməsi, özünü cəmiyyətə kişi kimi aparması bu kimi fikirlərin artmasına səbəb olur.

– Yerli ya xarici idmançılar arasında kumiriniz varmı?

– Bəli. Mariya Stadniki çox sevirəm. Ailəlidir, iki övladı var. Hələ də kariyerasını davam elətdirir.

– İdmançı bəylərlə yarışlarda mübahisəniz olubmu?

– Bəylər çox olsa da, idmançı qadınlarımız da uğurlu nəticələrinə görə heç də zəif sayılmazlar. Özümü də zəif hesab etmirəm. Amma hərdən mübahisə olur. Yarışlarda mən hakim kimi döşəyə çıxanda məşqçilər etiraz edir, idmançılar gülür. Deyirlər ki, bu qız nə bilir güləş nədir, qaydalar nədir? Amma mən işimi çox gözəl bilirəm və oyunu ədalətli aparıram. Nəticədə isə həmişə ilkin reaksiyalarına görə onlar peşman olurlar.

-Müəlliminiz kim olub?

– SSRİ idman ustası Teymur Məmmədov. Hakim kimi qazandığım uğurlara görə isə beynəlxalq dərəcəli hakim Zaur Şərifova borcluyam. Federasiyamızda hakimlər sədrimiz var idi – Bəhmən Talibi. Əslən iranlı idi. Mənimlə tanışlığa qədər Azərbaycanda qadın hakim yox idi. O mənə təklif elədi ki, sən ilkə imza ata bilərsən. Belə-belə, bu gün Azərbaycanda ilk hakim xanım oldum.

– Yaşınıza görə, çox uğurlar qazanmısız. Bu sizdə özündənrazılıq yaratmır ki?

– Yaşıdlarıma görə, bəli, yetəri qədər uğurlarım olub. Respublika birinciliyi, çempionluq qazanmışam. Amma heç vaxt “mənəm-mənəm” deməmişəm. Həmişə demişəm ki, içimdə “vəhşi bir oğlan” yatır (Gülür). Amma bu sadəcə döşəkdə özünü büruzə verir. Düşünürəm ki, idmanla xarakterim bir-birinə tam uyğundur.

– Subaysız yəqin ki…

– Bəli.

– İdman sizin şəxsi həyatınıza təsir edibmi?

– Belə deyək də, idmançı olduğumu bildikləri üçün çox tanışlıq təklifləri almıram. Yəqin çəkinirlər. Amma həyatımda bir insan olub. Məni idmandan uzaqlaşdırmağa çalışdığı üçün birlikdə olmağımız alınmayıb.

– Peşmansız?

– Xeyr.

– Heç olubmu əks cinsin nümayəndəsini möhkəm döymüsüz?

– Bir dəfə olub. İşdən evə gedirdim, gecə saat 11-12 olardı. Bir oğlan narahat etməyə başladı. Bir-iki dəfə xəbərdarlıq etdim. Xeyri olmadı, qayıtdı ki, gecə-gecə ətrafda heç kim yox, istəsəm, çox şey edərəm, kim kömək edəcək sənə? Bu sözdən sonra necə əsəbiləşdimsə, ona qarşı bildiyim bütün ağır fəndləri, zərbələri tətbiq etdim. Küçənin ortasında o qədər döydüm ki, ayağa dura bilmədi. Eləcə qoyub yoluma davam etdim. Sonra özümə söz verdim ki, bir də belə əsəbiləşməyəcəm.

– Gerçəkləşdirmək istədiyiniz ən böyük xəyalınız nədir?

– Geniş idman kompleksimin olmasını diləyirəm. Buraya xüsusilə də xanımları cəlb etmək istərdim. Düşünürəm ki, qızlarımız az da olsa, özlərini müdafiə etməyi bacarmalıdırlar. Təcavüz halları zaman-zaman olur. Təəssüflər olsun ki, qızlarımız o qədər qapalı böyüdülür ki, özlərini müdafiə etməkdə belə aciz olurlar. Arzumdur ki, bu halların azalmasına mənim də yardımım toxunsun.

– İdmanda ləqəbiniz varmı?

– Bilirəm ki, çox güləcəksiniz. Amma işdə, ətrafda dostlarım, tanışlarım mənə “Maşa” deyirlər. Ləqəbim elə “Maşa” olaraq qalıb. Hərdən “Çinarə” deyə çağrılanda elə bilirəm başqasına səslənirlər. Həqiqi adımı unuduram yəni.

– İdmandan qazancınız sizi qanə edir, yoxsa evdən pul alırsız?

– Azərbaycanda idmana çox böyük diqqət ayrılır. Ona görə də, evdən pul almıram. Öz qazancım məni qane edir.

– Xaricdən sizə iş təklifləri gəlirmi?

– Bəli. Hazırda İran və Türkiyədən iş təklifləri almışam. Gələn ay beynəlxalq dərəcə almaq üçün imtahan verəcəm. Daha sonra təkliflərə baxacam. İranı yox, amma Türkiyədən gələn təklifi dəyərləndirməyi düşünürəm.

Könül Cəfərli

Foto: Elnur Muxtar

Qeyd: Müsahibə üçün şərait yaratdığına görə “The Galery Art Cafe”yə təşəkkür edirik.

Şərh

Şərh