İranda etirazlarda öldürülən dinc aksiyaçıların sayı 10 nəfərə çatıb

0
202

İranın müxtəlif şəhərlərində hakimiyyətə qarşı keçirilən kütləvi etirazlarda hökumət qüvvələri tərəfindən öldürülən dinc aksiyaçıların sayı 10 nəfərə çatıb.

 

Küçə etirazlarında ölənlərin sayı ilə bağlı məlumatı yanvarın 1-də İran Dövlət Televiziyası yayıb. Məlumatda həmin şəxslərin öldürüldüyü şəhərlərin adı açıqlanmasa da, bildirilib ki, onlardan təkcə 4-ü dekabrın 31-də öldürülüb.

 

İran parlamentinin İzə şəhərindən seçilmiş deputatı Hidayətullah Xadimi isə yanvarın 1-də jurnalistlərə açıqlamasında bu şəhərdə 2 aksiyaçının etirazlarda öldürülməsi ilə bağlı yayılan xəbəri təsdiq edib. O bildirib ki, hüquq-mühafizə qüvvələri İzədə etirazçıların banklara hücumunun qarşısını almaq üçün hərəkətə keçmişdilər: “Lakin bu iki şəxsə odlu silahdan atəşin aksiyaçılar, yoxsa polis tərəfindən açılması hələlik bilinmir”.

 

Hidayətullah Xadimi

 

Həmçinin, Tehran fərmandarının təhlükəsizlik məsələləri üzrə müavini Əli Əsğər Nasirbəxt yanvarın 1-də jurnalistlərə açıqlamasında bildirib ki, dekabrın 31-i günorta saatlarına qədər, təkcə paytaxtın İnqilab və Vəliəsr küçələri ətrafında 200 aksiyaçı yaxalanıb. Bildirilir ki, son iki gündə ən azı 100 nəfər Ərakda, 60 nəfər Kaşanda, 11 nəfər Pərənd şəhərində və 10 nəfər Urmiyada yaxalanıb. Bəzi mənbələr isə son dörd gündə İranın müxtəlif şəhərlərində yaxalanan dinc etirazçıların sayının qat-qat çox olduğunu bildirirlər.

 

Əli Əsğər Nasirbəxt

 

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə etirazçıların səsləndirdiyi şüarlar daha sərtləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib.

 

İranın 30-a yaxın şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, rejimin daxili və xarici müdaxiləçi siyasətinə qarşı keçirilən etirazlarda, axund Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilib. Etirazlar davam etdir.

 

 

A.M

Şərh

Şərh