Xərçəngdən əziyyət çəkən gənc ana: “Yol süpürürəm, uşaqları doyura bilmirəm”

0
13
Arzu Abbasova süd vəzi xərçəngindən əziyyət çəkir. Həkim Arzunun fiziki güc tələb edən işlərdən mümkün qədər uzaq durmasını məsləhət görüb. Lakin Arzu gündəlik xərclərini ödəmək üçün işləmək məcburiyyətindədir.
O, iki uşağını dolandırmaq üçün ev təmizliyi ilə məşğuldur. Amma bu qazancla nəinki həkimin yazdığı reseptlə dərmanlarını ala, uşaqlarının qarnını belə doyura bilmir: “Onkoloji xəstəyəm, xəstəxanada qeydiyyatım var. Neçə dəfə ağrılarım tutub, gedib yoxlanmışam. Süd vəzimdə şiş var, əməliyyat olunmalıyam, amma imkanım çatmır. Ona görə də həkim qoymur gedim ağır işlər görüm, işləyirəm də ağrı verir sonra. Gedirəm 10-15 manat verirlər, çatmır, dolana bilmirik. Bir anamdır, yol süpürürük, dolana bilmirik”.
Arzu Abbasovanın 27 yaşı var. 16 yaşında qonşusuna, sevdiyi oğlana qoşulub qaçıb. 3 illik evlilik həyatından Arzunun 2 uşağı dünyaya gəlib. Amma ikinci uşağını dünyaya gətirdikdən sonra həyat yoldaşından ayrılıb. O, iki uşağı ilə gördüyünüz bu 6 kvadrat metrlik evdə yaşayır. Təbii, əgər ev demək mümkünsə… Nə yayın istisində burda yaşamaq mümkündür, nə də qışın soyuğunda. Elə 7 yaşlı qızı da bu nəmişlik dolu daxmada ağciyər sətəlcəminə tutulub: “İmkanım yoxdur, uşağım xəstədir, ağciyəri sətəlcəmdir. Şəraitim yoxdur, uşaqlarımla bura sığmırıq. Qızımın 7, oğlumun 8 yaşı var. Oğluma toy edə bilməmişəm, məktəbə göndərə bilmirəm”.
Uşaqların atası isə saxta sənədlər düzəldərək aliment verməkdən boyun qaçırır. Belə ki, o, məhkəmənin qərarı ilə hər bir uşağa təyin olunmuş 110 manat əvəzinə, cəmi 38 AZN ödəyir. Köməksiz qalan Arzunun yardıma ehtiyacı var: “İmkanlı şəxslərdən yardım, sığınacaq istəyirəm, burda qala bilmirəm uşaqlarımla”.
Daha bir ailə imkanlı şəxslərin yardımına ehtiyac duyur. Yardımınızı əsirgəməyin!

Şərh

Şərh