Ay bədbəxtlər, sizə kolbasa verməyəcəklər…

0
30

Mən ziyalı ailəsində doğulmuşam. Atam da, anam da müəllim olub…”

“Kərim Dillist ziyalıdır, 40 ilin jurnalistidir”

“Zəlimxan Yaqub – dövrün böyük ziyalısı…”

“Şəhriyar Sözqılınc şairdir, ziyalıdır”

“Yazıçı Rövşən Əliqələm ziyalı, aydın…”

“Sən oxumuş adamsan, sən bilərsən…”

***

Adının dalına, ya başına “ziyalı”, “aydın” etiketi yapışdıran, hələ yapışqanı qurumamış özün hündürdən agah edən, ya vəlvələdən, ya zəlzələdən bizim də qəbul etdiyimiz neçə belə ”ziyalı”, “aydın”, “intellektual” var.

Fikir verin, daha çox yazıçı və şairlərdən söz düşəndə onları ziyalı kimi xatırlayırlar, ya da onlar özlərini belə təqdim edirlər.

Əvvəl qəzetlərin, sonra TV-lərin, indi də sayt və sosial şəbəkələrin sırıdığı bu “ziyalılar” əslində kimdir?

Ümumiyyətlə, bu adı daşımaq üçün hansı ”sənədlər” tələb olunur?

***

Bəri başdan deyim ki, “ziyalı” sözündən heç xoşum gəlmir. Ona görə də bu sözü “aydın” və “bilgin” sözləri ilə əvəzləyirəm.

Əvvəlki aydınlarla indiki aydınlar fərqli.

Əvvəl cəmiyyətin elit və oxumuş təbəqəsi “aydınlar” adlanırdı. Tarixin elə bir çağıydı ki, oxumaq və ali bilgilərə sahiblənmək indiki qədər rahat deyildi. Həm maddi məsələlər, həm də təbəqə fərqi imkan vermirdi ki, hamı oxusun. Ona görə də oxumuş adamlara “aydınlar” deyirdilər.

Sonra coğrafi kəşflər oldu, sənaye inqilabı baş verdi və elmi-texnoloji tərəqqi sayəsində həm insan, həm də dünya haqda yeni informasiya yarandı, çox həqiqətlər aydınlandı.

Aydın olmaq üçün müəllim, professor olmağa ehtiyac yoxdur.

Bilgin bilən deyil, bildiyini yayandır. Amma necə?

Onda bütün məktəb müəllimləri aydın və bilgindirmi?

Aydınlıq peşə deyil. Müəllimin vəzifəsi ibtidai məsələləri öyrətməkdir. Aydın isə təkcə tədris materiallarındakı məlumatlarla kifayətlənmir, eyni zamanda bəşəri həqiqətlərə sahib olan və onları yayan intellektual, praktiki nümunə olan mübarəkdir.

O da müəllimlik edir, amma material fərqlidir.

Aydın faydalı istehsalçıdır: öyrəndiyi həqiqətləri həzm edən və işıqlı düşüncə emal edən.

Aydın yaşadığı dövrün siması, təsiredici gücü və heç bir maddi-ideoloji asılılığı olmayan işıqdır.

O, fərqli dünyagörüşündə olanlarla eyni məsafədə dayanır, hörmət və yüksək empatiya hissinə malikdir. Düşüncə müxaliflərini tənqid və təhqir etmir, həqiqətləri fərdlərə görə müxtəlif yollarla izah edən, praktiki göstərən kəsdir.

Çağın vicdanı olmalı, idraki zəncirləri qırmalı və insanlar arasındakı divarları yox etməli.

Xəbərdar və xəbərçi olmalı.

Aydın təkcə humanitar mənada deyil, eyni zamanda elmi-texnoloji və siyasi müstəvidə də intellektual idxal və istehsalla məşğuldur.

O, həqiqətin yanındadır, yalanları ifşa edir və dövrün şüurudur. Çöldə insanlar xirtdəklənəndə bilginin arxasında gizlənməməli, intellektin və düşüncənin üstünə çıxıb qələbəliyə işıq tutmalı, onlara yol göstərməlidir.

Aydın fərdi maddi-mənəvi ehtiyaclarını və arzularını cəmiyyətin vəziyyətinə görə ayarlamalı və yönətməlidir. O, fərd olaraq cəmiyyətdir. Tək deyil. Özünü bütün mənalarda və bütün müstəvilərdə cəmiyyəti görmək istədiyi kimi aparmalıdır.

Aydın bir dövlətdir!

Demokratiya istəyirsə, demokrat olmalıdır.

Əxlaq və ədəb məsələlərindən tualetə qədər arzuladığı, görmək istədiyi kimi davranmalıdır.

***

Yaxşı, bəs bizim şairlər nə işlə məşğuldur?

Qafiyəli şəkildə arda-arda düzsən, yüzü bir aydın deyil.

Yaxşı, cild-cild romanlı, vəzifəli, ünvanlı yazarlar nə edirlər?

Qaranlıqlara aydınlıqmı gətirirlər?

Öyrədirlərmi?

Mütləq əxlaqdan və bəşəri dəyərlərdən yeddi köynək uzaq əliqələmlilər ziyalıdır, yoxsa ziyanlı?

Hələ bir ev davası da edirlər, fürsət tapınca şikayətlənirlər də.

Dünyadan bir əsr geridə, həqiqətlərdən milyon addım arxada.

Sən yaxşı qafiyə tapırsan deyə, aydın ola bilməzsən.

Sən vergülsüz uzun bir cümlə qura bilirsən deyə, bilgin deyilsən.

Nə özünüzü, nə də camaatı aldadın.

Bu ölkədə həqiqi dəyərini almamış neçə əsl aydın, neçə bilgin olub, əlbəttə, indi də var.

Onlar nə şair, nə yazıçı deyillər. Daha çox dəqiq elmlərlə məşğuldurlar.

Şeir-ədəbiyyat illüziya yaradır.

Yox, söyməyə tələsməyin, əlbəttə, insan şeir də yaza bilər, duyğusal da olar, romantik də. Amma sentimental emosiya aydınlıq deyil, əksinə, illüziyadır. İntellektual emosiya… o isə sizin bacarmadığınız şeydir…

Xatirə yazın, sevgilinizin getməyinə üzülün, qafiyələnin, qoşma-qoşma hecalaşın, amma özünüzə “aydın” deməyin.

Onsuz da sizin öz təbəqəniz var. Fonda qəmli musiqi qoyub alayı şövqlə, titrək notlarda və xırıltılı səslə o şeirləri səsləndirənlər, sonra bəh-bəhlə bu illüziyaya qapılıb ağlayan cicişlər…

***

Qardaşım, bacım, yurdum insanı, əl çəkin bu illüziyadan.

Bədbəxt adamlar, uydurulmuş kədərə ağlamaqdan, sızlamaqdan, yalançı həsrətdən əl çəkin.

***

Şairlər sizə nə çörək, nə də arasına qoymağa bir dilim kolbasa verəcək.

İşıq elmdədir, başqa cür heç kəs,

Bir dilim kolbasa dişləyə bilməz!

Şərh

Şərh