Bakıda voleybolçunu qətlə yetirən şəxsin məhkəməsində şahid ifadə verib

0
41

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Namiq Vəkilovun cinayət Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sevinc Babayeva ifadə verib. O, təqsirləndirilən N.Vəkilovu tanımadığını, qətlə yetirilən qadın Anjelika Morozovanı tanıdığını deyib: “Rəhmətlik Anjelika ayın 21-də bizə gəlib köhnə soyuducunu düzəltdirmək adı ilə apardı. Hadisə günü gördüm onun həyətində işıq yanır, təəccübləndim. Çünki heç vaxt işıq yandırmırdı. Hadisənin səhəri günü mətbəxdə də işıq yandığını gördüm. Yaxınlaşıb baxmaq istəyəndə gördüm qaz sayğacı da açıqdı. Bir gün sonra Solmaz mənə zəng edib bildirdi ki, “Anjela neçə gündür telefonlara cavab vermir. Anjelika mənə demişdi ki, Nailəgildə olacaq. Onlarla da danışdıq, lakin yox idi. Qapını aça bilmədik, polisə zəng etdik”.
Şahid qeyd edib ki, qətlə yetirilən A.Morozova hadisədən əvvəl Elşən adlı şəxsin ondan 4700 manat borc alıb, qaytarmadığını söyləyib: “Bir dəfə də pulu istəmək üçün Elşəngilə bir yerdə getdik. Arvadı Şəhla məni evdən qovdu, sonra da Anjelika gəldi. O bildirdi ki, Şəhla ona “nə vaxt tək gəlsən, onda bu haqda danışarıq” deyib. Bir-iki dəfə də ona zəng gəlmişdi, danışanda Namiq adı çəkilmişdi. Kim olduğunu rəhmətlikdən soruşdum. Bildirdi ki, yataqxanada qonşudurlar, arada onlara gəlib kofe içir”.
Daha sonra şahid qismində Nailə Məmmədova da dindirilib. O qeyd edib k, həm özü, həm də A.Morozova idmançı olub: “Hadisədən bir gün əvvəl yoldaşımla Anjelikagilə gedib soyuducusuna baxdıq, xarab idi. Yoldaşım Samir ustadır. Biz ordan çıxanda Anjelika çiməcəyini dedi. Səhəri gün sosial şəbəkəyə girəndə onu orada görmədim. Narahat oldum. Çünki hər dəqiqə orda olurdu. Sonra Sevinc zəng edib Anjelikanı soruşdu, gedib bir yerdə evinə baxdıq. Qapı bağlı idi, polisə xəbər verdik. Bəlli oldu ki, Anjelika boğularaq öldürülüb. Anjelika Elşənin ona borcu olduğunu demişdi. Onunla bir yerdə polisə də getmişdik, bu barədə ərizə vermişdi”.
Məhkəmənin növbəti iclası yanvarın 18-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il fevral ayında Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Həminərazidə Qazax rayon sakini N.Vəkilov Anjelika Morozovanın başına torba keçirərək onu boğub qətlə yetirib.
Qadının meyiti Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş vəziyyətdə tapılıb. Hadisə yerinə cəlb olunan huquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər. Məlum olub ki, qətlə yetirilən şəxs 1963-cü il təvəllüdlü A.Vasilyevna Morozovadır.
Hadisədən sonra N.Vəkilov saxlanılıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qətlə yetirilən qadın peşəkar voleybolçu kimi tanınıb.

Şərh

Şərh