Quş dili – Niyə belə deyirik? – FOTOLAR

0
91

Ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri, “qanadlı sözləri” anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun “Niyə belə deyirik” kitabından bəzi parçaları təqdim edirik:

Eramızdan əvvəl 965-928-ci illərdə hökmdarlıq etmiş (Süleyman peyğəmbər) Süleyman ibn Davud haqqında Şərqdə çoxlu əfsanələr var. Süleyman həm də bütün heyvanların və quşların dilini bilirmiş. Onları lazım gəldikdə səsləyib, öz hüzuruna gətirərmiş… bu barədə Quranın “Qarışqalar” surəsində də məlumat verilir.

Görkəmli fars sənətkarı Fəridəddin Əttarın bu əfsanə ilə əlaqədar “Məntiq-üt teyr” (“Quşların nitqi”) adlı fəlsəfi poeması məşhurdur. Sufizm görüşləri və rəvayətləri əsasında yazılmış bu əsərin iştirakçıları quşlar (hüd-hüd, tutu, tovus, bülbül, qumru, turac, göyərçin, şonqar və s.) olub, öz “quş dillərində” danışırdı. Buradakı “quş dili” ifadəsi həqiqi mənada əlavə, bir də (əsasən) rəmzi, sufi təriqətinə xas bir dil mənasını da bildirir. Odur ki, sufizmdən xəbərdar olmayanlar üçün bu dil müəmmalı, sirli, anlaşılmaz bir dil olaraq qalır.

Əttarın əsəri bütün Şərqdə çox geniş şöhrət tapmışdı. Həmin əsərin təsiri altında Ə.Nəvai “Lisan-üt teyr” poemasını yazıb. Ümumiyyətlə, anlaşılmaz, qəliz ibarələrlə dolu dilə tədricən “quş dili” deməyə başlamışdılar.

Nəsimi yazırdı:

Xəttü xalun, məntiqi-teyridür əhli-vəhdətün,

Quş dilin sən tərcüman etmək dilərsən, etməgil.

Nəsiminin başqa bir şeirində deyilir:

Heç kimsə Nəsimi sözünü fəhm edə bilməz,

Bu quş dilidir, bunu Süleyman bilir ancaq.

İstedadlı dilçilər Yusif Seyidov və Samət Əlizadənin yazdıqlarına görə bu beytdən “belə nəticə çıxır ki, sufilik və xüsusən hürufilik təriqətinin prinsiplərini, normalarını, həmin təriqətdə sözlərin gizli mənalarını bilməyən, şairin məsləyi və mübarizə yolu haqqında geniş təsəvvürü olmayan oxucu üçün bir çox şeirlərin (Nəsimi şeirlərinin) dili quşların dili kimi anlaşılmaz olacaq”.

Müəyyən bir dövrdə yalnız təriqət jarqonları deyil, ümumiyyətlə, hər hansı anlaşılmaz, qəliz ibarələrlə zəngin olan dilə “quş dili” deyilib.

Qəliz ibarələrlə dolu bir sözə qulaq asandan sonra M.F.Axundov “Kəmalüddövlə məktubları”nda yazırdı: “Mən belə quş dilini necə anlayım?”

“Quş dili” həm də səciyyəvi bir aqro növüdür. Sözlərin hər hecasına müəyyən səsin artırılması ilə ünsiyyət saxlanmasına quş dili deyilir. Hər hansı bir səs (hərf) müəyyən quşun səsini//dilini işarə üçün sözlərə əlavə edilmiş olur. Odur ki, ümumi “quş dili” əvəzinə daha konkret “qarğa dili”, “quzğun dili”, “leylək dili” və s. işlədilir.

İbrahim Dəkuki İraq türkmənləri arasında “üçüncü şəxsin anlamaması üçün” quş dilindən istifadə olunduğunu qeyd edirdi. O göstərir ki, “K”, “Z”, “B”, “Q” həriflərinin (“K” – leylək, “Z” – sığırçın, “B” – bayquş, “Q” – qarğa dilinə) hər biri müəyyən “bir quş səsinə dəlalət edir. Müxtəlif “haraya gedirsən” ifadəsini müxtəlif quşların dilində necə səslənəcəyini də qeyd etmişdir.

Leylər dili ilə (“K” əlavə etməklə): – Hakarakayaka gekedikirsənkən?

Sığırçın dili ilə (“Z” əlavə etməklə): – Hazarazayaza gezedizirsəzən?

Bayquş dili ilə (“B” əlavə etməklə): – Habarabayaba gebedibirsəbən?

Qarğa dili ilə (“Q” əlavə etməklə): – Haqaraqayaqa geqediqirsəqən?

“Dədə Qorqud” dastanlarında “quzğun dili” ifadəsinə rast gəlirik: “On altı min üzəngili, keçə börkli, azğın dinli, quzğun dilli kafir (Qazanın önünə) çıxa gəldi”.

Bəs, ümumiyyətlə, quş dili varmı? “Azərbaycan gəncləri” qəzetinin 14 dekabr 1971-ci il tarixli nömrəsində dərc edilmiş “Quşlar qədim dillərdə danışırlar” başlıqlı yazısında deyilir:

“Rio-Vrio. Məlumdur ki, tutuquşular insan danışığını təkrar edə bilirlər. Bundan başqa, onlar uzun ömür sürmələri və yaxşı yaddaşları ilə fərqlənirlər. Belə ki, bu quşlar körpəlikdə eşitdikləri sözləri bütün ömürləri boyu xatırlayırlar. Lakin, bəs nə üçün bu istedad başqa quşlara deyil, ancaq tutuquşlarına məxsusdur! Rio-Vriodakı tutuquşuşünaslıq institutu bu məsələ ilə məşğul olur. Məlum olur ki, çox qədim zamanlarda bütün quşlar o vaxt mövcud olan dilləri qavrayırmışlar. Lakin zaman keçdikcə bu qeyri-adi istedad ancaq tutuquşlarda və müəyyən dərəcədə də sağsağanlarda qalır. Bundan başqa, aydınlaşır ki, bütün müasir quşlar öz əcdadlarının yaşadıqları ərazinin qədim dillərində “danışırlar”. Belə ki, sərçələr hindlilərin qədim əcdadı olan çerok qəbilələrinin danışıq dilinə uyğun cikkildəyir”.

Bülbüllər və sarı bülbüllər şübhəsiz, öz mahnılarında indiki italyanların qəbim əcdadlarının musiqi dilini saxlayırlar. Qarğalar Şimal Qərbi Avropanın ilk sakinlərinin boğaz səsi dilini, qartallar isə qədim dağlıların dilini min illik keçmişdən bugünkü günlərə gətirib çıxarırlar.

Tutuquşulara gəldikdə isə onlar bu qiymətli kəşfi təsdiq edirlər. Amazonka çayı deltasında tutulmuş erkək və dişi tutuquşlar (onların təxminən 400-406 yaşında olduqları təyin edilibdir) bu yaxınlarda alimlər tərəfindən Cənubi Amerika cəngəlliklərində təsadüf edilmiş qəbilələrin dilində “danışırlar”. Halbuki hələ son vaxtlaradək bütün orintoloqlar belə hesab edirdilər ki, tutuquşlar mənasız səslər çıxarırlar.

 

Şərh

Şərh